
Mina’da Cemrə – Şeytan Daşlama İbadəti və Tarixi
Hacıların Qurban bayramı günlərində Mina bölgəsində atdıqları kiçik daşların hər birinə və bu daşların atıldığı üç ayrı yerə cemrə deyilir (cem’i: cemerât). Mina istiqamətindən baxdıqda bu üç yer aşağıdakı kimidir:
- Birinci Cemrə (Kiçik Şeytan): Şeytanın Hz. İbrahimə (ə.s.) üçüncü dəfə görünüb daşlandığı yerdir. Qurban bayramının birinci günü bu yerə və ikinci şeytana daş atılmır.
- İkinci Cemrə (Orta Şeytan): Şeytanın İbrahimə (ə.s.) ikinci dəfə görünüb daşlandığı yerdir.
- Üçüncü Cemrə (Cemretül-Əqəbə – Böyük Şeytan): Şeytanın İbrahimə (ə.s.) birinci dəfə görünüb daşlandığı yerdir. Bayramın birinci günü yalnız böyük şeytan daşlanır və sonra bir qədər dayanaraq dua edilir.
Birinci cemrə ilə orta cemrə arasında 156,40 metr, orta cemrə ilə Əqəbə cemrəsi arasında isə 116,77 metr məsafə mövcuddur.
Tarixi mənbələrə görə, Hz. İbrahim Kəbənin inşasını tamamladıqdan sonra Cəbrail (ə.s.)’in rəhbərliyi ilə ilk Həccini yerinə yetirmiş və oğlu İsmaili (ə.s.) qurban etməyə apararkən Allahın əmrinə itaət etməsinə mane olmaq istəyən şeytan üç ayrı yerdə qarşısına çıxmışdır. İbrahim (ə.s.) hər dəfə onu daşlamışdır. Bu hadisələr səhi̇h hədislərdə qeyd olunur və Həcc ibadətinin bir hissəsi olaraq müsəlmanlar tərəfindən təkrarlanır.
Peyğəmbərimiz (s.ə.s.) də Vida Həcci zamanı bu üç cemrəyə daş atmış və xüsusilə bu mərasim zamanı Həcc ibadətinin doğru qaydada ondan öyrənilməsini istəmişdir.
Şeytan daşlama, Hz. İbrahim (ə.s.)’ın sünnətinə əsaslanır. Bu ibadət simvolik olaraq şeytanın daşlanmasını və günaha sürükləmək istəyən qüvvələrə qarşı mənəvi dirənişi təmsil edir. Bu da göstərir ki, Həcc yalnız rituallardan ibarət deyil, eyni zamanda ruhi və əxlaqi bir təmizlənmədir.
İslamdan əvvəlki dövrlərdən etibarən Mina bölgəsindəki cemrələrin yerləri nişan daşları ilə göstərilirdi. Lakin XIX əsrə qədər bu yerlərdə daş atış məsafəsini məhdudlaşdıran hər hansı divar və ya qoruyucu yox idi.
1875-ci ilin əvvəlində, izdihamın qarşısını almaq üçün Cemretül-Əqəbənin ətrafına dəmir barmaqlıqlar qoyulmuşdu. Lakin bu dəyişiklik bəzi insanlar tərəfindən “daş atılacaq yerin genişləndirilməsi” kimi qəbul oluna biləcəyindən narahatlıq yarandığı üçün bir il sonra bu barmaqlıqlar sökülmüş, əvəzinə hər üç cemrənin ətrafına hovuz formasında daş divarlar inşa edilmişdi.
1975-ci ildə, böyük izdihamların qarşısını almaq məqsədilə cemrə bölgəsi 40-80 metr enində və 1 km uzunluğunda iki mərtəbəli yolla yenidən dizayn edildi. Buna baxmayaraq, müxtəlif illərdə izdiham nəticəsində bir çox insan həyatını itirdi. 2005-ci ildə baş verən böyük izdiham faciəsindən sonra, bölgədə ciddi dəyişikliklər edildi və cemrə atış yolları 4 mərtəbəli formada yenidən quruldu.
mənbə